Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu gün Azərbaycana səfərə gəlib.
“Aİ daha etibarlı enerji təchizatçılarına müraciət edir. Bu gün mən yeni saziş imzalamaq üçün Azərbaycandayam. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan tədarük təhlükəsizliyimiz üçün və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş olacaq”, - deyə o, Twitter hesabında yazıb.
Daha əvvəl Avropa KİV-nin yaydığı məlumata görə, Avropa İttifaqı və Azərbaycan qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalamağı planlaşdırır. Tərəflər Azərbaycandan qaz tədarükünü 2027-ci ilədək hər il 20 milyard kubmetrə çatdırmağı nəzərdə tutur.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.
2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr, 2022-ci ilin I rübündə 2,6 milyard kubmetr qaz ixrac edib. 2022-ci ildə Avropaya ixracın 10 milyard kubmetrdən çox olacağı proqnozlaşdırılır.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub. Kəmərin ötürücülük qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.*
E.Şəfiyev