2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $1 milyard 572 milyon 269,19 min təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 17,11% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 6,33%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Azərbaycan Rusiyaya $390 milyon 187,41 min dəyərində (azalma 6,8%) məhsul ixrac edib. Bütövlükdə, Azərbaycandan ixracın 2,11%-i Rusiyanın payına düşüb.
Yanvar-iyun aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $1 milyard 182 milyon 81,78 min (artım 27,9%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 18,6% Rusiyadan idxalın payına düşüb. Rusiya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 1-ci mövqeyini qoruyub.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $791 milyon 894,37 min təşkil edib.
2021-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 995 milyon 131,31 min təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 12,1% çoxdur.*
B.Rüstəmbəyov