Prezident İlham Əliyev bəyan edib ki, Bakı və Brüssel enerji sahəsində uğurla əməkdaşlıq edir.
Dövlət başçısı bu gün keçirilən brifinqdə Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumunu şərh edərkən bildirib ki, Memorandum gələcək üçün bir növ yol xəritəsidir.
İ.Əliyev vurğulayıb ki, enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir.
“Bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq. Biz Aİ ilə enerji sahəsində sıx əməkdaşlıqda maraqlıyıq”, - deyə prezident qeyd edib.
O əlavə edib ki, Azərbaycan bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensiala malikdir. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Azərbaycan külək və günəş enerjisinə sərmayə qoyuluşu prosesinə başlayıb.
“Enerji sahəsində apardığımız fəal əməkdaşlığın on beş ildən artıq tarixi var. Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük”, - deyə dövlət başçısı vurğulayıb.*
E.Şəfiyev