2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 0.63% artaraq $45 milyard 306,8 milyon təşkil edib. Bu barədə ARDNF-nin mətbuat xidmətindən məlumat verilib.
“Hal-hazırda dünya iqtisadiyyatında, eləcə də beynəlxalq maliyyə bazarlarında baş verənlər ARDNF-in investisiya portfelinə təsirsiz ötüşmür. Belə ki, qlobal iqtisadi artımda olduqca ciddi yavaşlama, uzun zamandan bəri kifayət qədər aşağı inflyasiya göstəriciləri ilə xarakterizə olunan inkişaf etmiş ölkələrdə son qırx ilin ən yüksək qiymət artımının qeydə alınması, o cümlədən geosiyasi böhranın daha da dərinləşməsi, habelə pandemiya sonrası təchizat zəncirindəki qırılmaların hələ də davam etməsi və Çində sərt məhdudiyyətlər fonunda qlobal maliyyə bazarlarında kəskin dalğalanmalar müşahidə olunmaqdadır”, - deyə məlumatda bildirilir.
Daha əvvəllər də qeyd edildiyi kimi, beynəlxalq maliyyə bazarları qlobal iqtisadiyyatın güzgüsüdur və bu qədər qeyri-müəyyənliyin yaşandığı bir dövrdə maliyyə bazarlarının da analoji reaksiyası labüd bir haldır. Nəticə etibarilə ABŞ-də cari ilin ilk rübündə iqtisadi artımda geriləmə, Avrozona və Böyük Britaniya kimi region və ölkələrdə olduqca cüzi iqtisadi artım, çox yüksək inflyasiya meylləri, habelə mərkəzi bankların yürütdüyü qeyri-tarazlı sərt monetar siyasət qeyri-ənənəvi bir hal olan və tarixdə çox nadir hallarda rast gəlinən həm qlobal səhm, həm də istiqraz indekslərinin dəyərlərində kəskin enmə və valyuta məzənnələrində çox ciddi dəyişkənlik müşahidə olunmuşdur.
“Bir çox institusional investorların, o cümlədən suveren fondların investisiya portfellərində olduğu kimi ARDNF-nin də vəsaitləri əsasən müxtəlif valyutalarda ifadə edilən birjada kotirovka olunan səhm və istiqrazlardan (investisiya portfelinin təxminən 80%-i) ibarətdir. Maliyyə bazarlarında yaşanan bu dalğalanmalar qeyd edilən investorlarla bərabər ARDNF-nin də investisiya portfelində qısamüddətli qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş müvəqqəti mənfi fərq kimi öz əksini tapmaqdadır”, - deyə məlumatda qeyd olunur.
2022-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6 935.2 milyon manat təşkil edib. ARDNF-nin mənfəət neftinin və qazın satışından gəlirləri 9 588.6 milyon manat, bonus ödənişləri 768.7 milyon manat, tranzit gəlirləri 7.2 milyon manat, akrhesabı ödənişlər 4.7 milyon manat təşkil edib.
Ötən yarım il ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 3 434.0 milyon manata bərabər olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 1 793.3 milyon manat təşkil edib.
Hesabat dövründə Fondun büdcə xərcləri 4 milyard 663,2 milyon manat təşkil edib.
ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 4 648.0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 4.2 milyon manat yönəldilib. 2022-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11.0 milyon manat təşkil edib.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova