2022-ci ilin birinci yarısında “Kapital Bank” ASC aktivlərini 13,3% - 7 milyard 606,111 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 iyun 2022-ci il tarixinə bankın kredit portfeli 3 milyard 136,951 milyon manata (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 18,3% - İF) bərabərdir. Hesabat dövründə “Kapital Bank”ın istehlak kreditləşməsi üzrə portfeli 13,9% - 1 milyard 825,15 milyon manata qədər, biznes kreditləri üzrə portfeli 26,7% - 962,281 milyon manata qədər, daşınmaz əmlak ilə əməliyyatları 20,1% - 349,52 milyon manatadək artıb.
Bankın öhdəlikləri 6 milyard 978,456 milyon manat (artım 15,1%) təşkil edir.
“Kapital Bank”ın depozit portfeli 6 milyard 88,25 milyon manata (artım 17,2%), o cümlədən fiziki şəxslərin əmanətləri 1 milyard 904,792 milyon manata (artım 63,6%) bərabərdir.
Bankın kapitalı 627,655 milyon manat (azalma 3,2%), nizamnamə kapitalı 245,85 milyon manat (dəyişməyib) təşkil edir. 30 iyun 2022-ci il tarixinə bankın ümumi bölüşdürülməmiş mənfəəti 336,841 milyon manat (yanvar-iyun aylarında azalma 7,2%) təşkil edib.
2022-ci ilin birinci yarısının yekunları üzrə “Kapital Bank”ın xalis mənfəəti 127,071 milyon manat (2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 27,3%) təşkil edib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).**
A.Əzizov