Azərbaycan prezidenti İlham Əliyev Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında fərman imzalayıb.
Dövlət başçısının saytında dərc olunan fərmana əsasən, ilkin mərhələdə pilot layihə olaraq Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.
Nazirlər Kabinetinə Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin təklifləri əsasında taxıl haqqında qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən ərzaqlıq buğdanın dövlət tədarükü ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında ərzaqlıq buğda istehsalçılarına müasir təsərrüfatların yaradılması və müasir suvarma sistemlərinin alınması üçün güzəştli şərtlərlə verilən kredit mexanizminin təkmilləşdirilməsi və dövlət zəmanətinin tətbiqi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
O cümlədən, ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən etmək tapşırılıb.
Həmçinin, Kənd Təsərrüfatı Nazirliyinə müvafiq təsərrüfatlarla ərzaqlıq buğdanın istehsalına dair müqavilələrin bağlanılmasını təmin etmək tapşırılıb. **
B.Rüstəmbəyov