2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 102 milyon 592,8 min ton yük daşınıb ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 11,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 77,6% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 22,4% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, yanvar-iyun aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3% artıb.
Hesabat dövründə dəmir yolu ilə 8 milyon 586,6 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 18,9% çoxdur.
Dəniz nəqliyyatı ilə 3 milyon 709,9 min ton (artım 32,1%), avtomobil nəqliyyatı ilə 57 milyon 977,9 min ton (artım 11%), hava nəqliyyatı ilə 244,6 min ton (artım 7,3%) müxtəlif yük daşınıb. Yanvar-iyun aylarında daxili neft kəmərləri vasitəsilə 17 milyon 747,2 min ton neft (artım 1,7%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
B.Rüstəmbəyov