İyulun 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini və cari regional vəziyyəti müzakirə ediblər.
“Söhbət zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyi qeyd olunub”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, tərəflər bölgədə nəqliyyat və tranzit məsələləri ətrafında fikir mübadiləsi aparıb, xüsusilə Rusiya, Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub Nəqliyyat Dəhlizinin potensialının genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Bayramov və Lavrov, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.*
R.Kərimov