“PAŞA Bank” ASC-nin İdarə Heyətinin yeni tərkibdə formalaşması prosesi tamamlanıb.
Bankın məlumatında qeyd olunur ki, Müşahidə Şurasının qərarına əsasən, Bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Bəhruz Nağıyev Bankın İdarə Heyəti sədrinin müavini təyin edilib. Nağıyev yeni təyinatında satış və biznes innovasiyaları istiqamətlərinə rəhbərlik edəcək.
Bundan əlavə, “PAŞA Holding” MMC-nin Qrup üzrə Maliyyə və İT Departamentinin direktoru Murad Süleymanov “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı təyin edilib.
Xəbər verildiyi kimi, 2022-ci ilin yazında “PAŞA Bank”ın səhmdarları İdarə Heyətinin yeni tərkibdə formalaşması prosesinə başlayıblar. Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri vəzifəsinə təyin edildiyindən, “PAŞA Bank”ın İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb. 2022-ci ilin iyun ayında isə bankın İdarə Heyətinin sədr müavini Cavid Quliyev “PAŞA Bank”ın İdarə Heyətinin sədri təyin edilib.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın ikinci aparıcı bankıdır. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, “Bless” MMC - 28,18%) və 2 fiziki şəxsdir (Arif Paşayev – 15% və Mircəlal Paşayev – 5%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.**
R.Əhmədov