Azərbaycan prezidenti İlham Əliyeüv cümə axşamı “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərmanlar imzalayıb.
Fərmanlara əsasən, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərə (Şuşa rayonu istisna olmaqla) əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Hər iki Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır.
Xidmətlərin fəaliyyətinə cari rəhbərliyi hər iki Xidmətin Müşahidə Şuralarının vəzifəyə təyin və vəzifədən azad etdiyi icraçı direktorı həyata keçirir.
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətin nizamnamə fondu 1 milyon manatdır. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətin nizamnamə fondu 500 min manat təşkil edir.
Xidmətlərin saxlanılma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.
Maliyyə Nazirliyi, Nazirlər Kabineti və hər iki Xidmətə bu fərmanlardan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb. **
E.Şəfiyev