Dövlət Sərhəd Xidməti (DSX) ümumi çəkisi 96 kq-a yaxın olan narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı məlumat yayıb.
İyul ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə gizlədilmiş 4 bağlama aşkar olunub.
Saat 20:00 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən 4 nəfər şəxs sərhəd naryadları tərəfindən saxlanılıb.
“Tutulmuş şəxslərin şəxsiyyəti araşdırılmış, işğaldan azad olunmuş sərhədyanı ərazilərin minalardan təmizlənilməsi tapşırığını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçuları olmaları müəyyən edilib. Fakt üzrə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin təşlikatçısı olan Azərbaycan Respublikasının vətəndaşı Bərdə rayon sakini 1998-ci il təvəllüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılıb”, - deyə məlumatda bildirilir.
Hadisə yerində götürülmüş bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitəyə (87 kq 700 qram “marixuana”, 7 kq 600 qram “heroin”, 400 qram “metamfetamin”) və psixotrop tərkibli dərmanlara (“Metadon-40” 1980 həb və “Preqobalin-150” 12465 həb) bənzər maddələrin olması müəyyənləşdirilib.
“Cinayət hadisəsinin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev