“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2022-ci il üçün Azərbaycan iqtisadiyyatının artım proqnozunu daha əvvəl gözlənilən 2,7%-dən 3,5%-dək yaxşılaşdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi “S&P”yə istinadən xəbər verir.
2023-2025-ci illərdə Azərbaycanda ÜDM-in artımı ilə bağlı yanvar poqnozları dəyişməyib - 2023-2024-cü illərdə 1,5%, 2025-ci ildə 1%.
“S&P” 2023-2025-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımının təxminən 1,3% təşkil edəcəyini gözləyir.
Agentlik 2022-ci ildə ÜDM-in nominal həcmini $72 milyard (yanvarda $61 milyard), 2023-cü ildə $69 milyard ($60 milyard), 2024-cü ildə $61 milyard ($58 milyard), 2025-ci ildə $64 milyard səviyyəsində ($61 milyard) proqnozlaşdırır.
“Biz 2021-ci ildə 5,6%-dək bərpa olunan Azərbaycan iqtisadiyyatının bu il 3,5% artacağını proqnozlaşdırırıq. Lakin ortamüddətli artım perspektivləri daha zəifdir - köhnəlmiş yataqlar səbəbindən neft hasilatının azalması fonunda 2023-2025-ci illər ərzində orta hesabla illik 1,3% artım, bunun da qaz ixracının artımı ilə qismən kompensasiya ediləcəyi ehtimal edilir”, - deyə agentliyin məlumatında deyilir.
“S&P” 2022-ci ildə Azərbaycanda inflyasiyanı 13% (yanvar proqnozu 6,5%) səviyyəsində proqnozlaşdırır, 2023-cü ildə inflyasiya 9%-dək (4,5%), 2024-cü ildə 6%-dək (3%), 2025-ci ildə 5%-dək (3%) azalacaq.
Agentliyin qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 23,6%-ni (yanvar proqnozu ÜDM-in 10,8%-i), 2023-cü ildə ÜDM-in 13,8%-ni (ÜDM-in 4,5%-i) təşkil edəcək, 2024-cü ildə ÜDM-in 0,7%-i səviyyəsində kəsir (ÜDM-in 0,2%-i səviyyəsində profisit), 2025-ci ildə ÜDM-in 1,4%-i səviyyəsində kəsir (ÜDM-in 0,5%-i səviyyəsində kəsir) proqnozlaşdırılır.
Azərbaycanın hazırda qlobal karbohidrogen qiymətlərindən faydalandığını qeyd edən analitiklər Bakı üçün əlverişli bazar şərtlərinin 2022-ci ilin sonuna qədər və 2023-cü ildə davam edəcəyini proqnozlaşdırır.
Yenilənmiş proqnozlara görə, “Brent” markalı neftin qiyməti 2022-ci ildə orta hesabla$102/barel (yanvar proqnozu $75/barel), 2023-cü ildə $85/barel ($65/barel), 2024-2025-ci illərdə $55/barel (yanvar proqnozuna uyğundur) təşkil edəcək.
Agentlik 2022-ci ildə Azərbaycanın xarici ticarət profisitini ÜDM-in 28,2%-i (yanvar proqnozu ÜDM-in 17,4%-i), 2023-cü ildə ÜDM-in 20,5%-i (ÜDM-in 12,3%-i), 2024-cü ildə ÜDM-in 7,4%-i (ÜDM-in 6,8%-i), 2025-ci ildə ÜDM-in 6,7%-i (ÜDM-in 6,3%-i) səviyyəsində gözləyir.
Agentliyin proqnozlarına görə, ortamüddətli dövrdə Azərbaycanda işsizlik səviyyəsi azalacaq, xüsusilə 2022-ci ildə 5% (yanvar proqnozuna uyğundur), 2023-cü ildə 4,9% (yanvar proqnozuna uyğundur), 2024-2025-ci illərdə illik 4,7% (4%) təşkil edəcək.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in 3,9% artacağını proqnozlaşdırır.
İqtisadiyyat Nazirliyinin yenilənmiş proqnozlarına görə, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 12,5%-dək artacaq.
2021-ci ildə Azərbaycanda ÜDM 5,6% artıb.*
R.Kərimov