Azərbaycan hökuməti 2022‒2026-cı illərdə kənd təsərrüfatı sektorunun hər il orta hesabla 4%, nəqliyyat sektorunun 5% artacağını proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu proqnoz dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.
Sənəddə qeyd olunur ki, bu məqsədlərə nail olmaq üçün Azərbaycan hökuməti 2022-2026-cı illərdə kənd təsərrüfatı, sənaye, turizm sektorlarının inkişafını, tranzit yükdaşımaların artırılmasını stimullaşdıracaq.
“Ölkənin tranzit yükdaşımalardan əldə etdiyi gəlir 2019-cu ildəki 227 milyon manatdan 2 dəfəyədək artaraq, 450 milyon manata çatacaq”, - deyə sənəddə bildirilir.
Qeyri-neft/qaz sənayesi hər il orta hesabla 8,3% artacaq, tikinti sektorunda təxminən 3%, informasiya və rabitə sektorunda hər il orta hesabla 10%-dən çox artım olacaq.
Hökumətin qiymətləndirmələrinə görə, 2022-2026-cı illərdə ölkə iqtisadiyyatı hər il orta hesabla 3‒4%, qeyri-neft/qaz ÜDM-i isə illik orta hesabla 5% artacaq. Özəl sektorun iqtisadiyyatda payı 88%-ə çatdırılacaq.*
R.Əhmədov