Azərbaycan hökuməti 2027-ci ilədək ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız əməliyyatların payını 55%-ə çatdırmağı planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu proqnoz dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.
2022-ci il iyunun 1-nə Azərbaycanda nağdsız əməliyyatların xüsusi çəkisi 40% təşkil edib.
Strategiyada qeyd olunur ki, bu hədəfə nail olmaq üçün 2022-2026-cı illərdə nağdsız əməliyyatların həcmi 25% artacaq.
Sənəddə bildirilir ki, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin effektivliyi, ünvanlılığı və şəffaflığı gücləndiriləcək. Azərbaycan hökuməti ortamüddətli perspektivdə kiçik və orta bizneslər üçün yeni maliyyələşmə mexanizmləri yaratmağı planlaşdırır. Bu əsasda sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20‒30%-nin mikro, 35‒45%-nin kiçik və 25‒35%-nin orta sahibkarlara yönəldilməsi hədəflənir.
Strategiyaya əsasən, kiçik və orta biznesin fəaliyyətinin dəstəklənməsi üzrə kredit portfeli 2018-ci ildən 1,5 dəfə artaraq 2021-ci ildə 4,4 milyard manata çatıb.*
R.Əhmədov