“AccessBank” 2022-ci ilin yanvar-iyun aylarında aktivlərini 7,6% - 1 milyard 3,496 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 iyun tarixinə bankın kredit portfeli 712,491 milyon manata (artım 12,6%) bərabərdir. 584,036 milyon manat biznes kreditlərinin (artım 8,3%), 122,545 milyon manat - istehlak kreditlərinin (artım 42,1%) payına düşüb.
“AccessBank”ın öhdəlikləri 911,747 milyon manat (artım 8,2%) təşkil edib. Bankın depozit portfeli 779,561 milyon manata (artım 13%) bərabərdir. Fiziki şəxslərin əmanətləri 659,019 milyon manat (artım 18,1%) təşkil edib.
İyulun əvvəlinə “AccessBank”ın kapitalı 91,749 milyon manat (artım 2,6%), nizamnamə kapitalı 258,718 milyon manat (dəyişməyib) məbəğində olub.
Bank hesabat dövrünü 1,84 min manat məbləğində xalis mənfəətlə başa vurub (2021-ci ilin birinci yarısında bankın zərəri 2,024 milyon manat təşkil edib - İF).
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə bankların TOP-10-a daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58%).**
R.Əhmədov