Avqust ayında Azərbaycan qazının Cənubi Qafqaz Boru Kəməri (CQBK, Bakı-Tbilisi-Ərzurum) ilə Türkiyəyə nəqli bu qaz kəmərinə texniki xidmət səbəbindən iki həftə müddətinə dayandırılacaq. Bu barədə Türkiyənin BOTAS qaz şirkəti məlumat verir.
“Şahdəniz- Türkiyə (BTƏ- İF) qaz kəmərində planlaşdırılmış texniki xidmət və təmir işləri ilə əlaqədar avqustun 14-dən 28-dək Türkgözün giriş nöqtəsindən Türkiyənin milli qazpaylayıcı şəbəkəsinə təbii qaz nəqli 14 gün ərzində mümkün olmayacaq”, - “İnterfaks-Azərbaycan” agentliyi BOTAS-ın bəyanatına istinadən məlumat verir.
BOTAS-ın Twitter hesabındakı bəyanatında qeyd olunur ki, planlı texniki xidmət və təmir işləri zamanı milli qazpaylayıcı şəbəkədə tələb və təklifin balansı ilə bağlı heç bir problem gözlənilmir.
2021-ci ildə Azərbaycan ümumilikdə “Şahdəniz” yatağından Türkiyəyə 8 milyard 820,24 milyon kubmetr qaz ixrac edib (azalma 22,7%). Qaz nəqli “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində həyata keçirilir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilərək Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə Türkiyəyə “Şahdəniz Mərhələ 1” qazını çatdırır.
Boru kəmərinin genişləndirilmiş hissəsi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə nəqlinə 2018-ci ilin iyun ayında başlanılıb.
Boru kəmərinin uzunluğu 691 km-dir, bunun 443 kilometri Azərbaycanda, 248 kilometri Gürcüstandadır.
“SCP Co.” şirkətinin səhmdarları BP (29,99%), TPAO (19%), SOCAR (14,35%), “Cənub Qaz Dəhlizi” QSC (6,67%), LUKOIL (19,99%) və NIKO (10%) şirkətləridir.
CQBK Cənub Qaz Dəhlizinin komponentidir. 2019-cu ildən etibarən boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 29 milyon kubmetr təşkil edir. Kəmərlə Avropaya qaz nəqlinə 2020-ci ildə başlanılıb.**
N.Abbasova