Bazar ertəsi Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda səfərdə olan Polşanın infrastruktur nazirinin müavini Marek Grobarczyuk ilə görüşüb.
“Tərəflər iki ölkə arasında nəqliyyat, o cümlədən dəmir yolu və dəniz nəqliyyatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Həmçinin Azərbaycan ilə Polşa arasında nəqliyyat və logistika üzrə işçi qrupunun bu ilin sentyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan ikinci iclası barədə fikir mübadiləsi aparılıb”, - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, görüş zamanı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Qdansk Limanı arasında əməkdaşlıq haqqında Niyyət Məktubu imzalanıb. **
N.Abbasova