Azərbaycan prezidenti İlham Əliyev Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini (iyulun 16-da) iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanması istiqamətində ilk addım kimi qiymətləndirdi.
Bu barədə Əliyev bazar ertəsi ABŞ Dövlət katibi Antoni Blinken ilə telefon söhbəti zamanı qeyd edib.
“İyulun 25-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini qeyd edərək, Tbilisidə iki ölkənin xarici işlər nazirlərinin görüşünü və birbaşa dialoqunu müsbət qiymətləndirdiyini bildirdi”, - Azərbaycan liderinin mətbuat xidmətindən məlumat verilir.
Öz növbəsində, Əliyev “Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanması istiqamətində ilk addım kimi qiymətləndirdi”. O məlumat verdi ki, Azərbaycan artıq sülh müqaviləsinin hazırlanması üzrə öz komissiyasının tərkibini formalaşdırıb və Ermənistan tərəfindən də eyni addımın atılmasını gözləyir.
“Blinken, həmçinin ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu ifadə etdi”, - məlumatda qeyd olunur.
Söhbət zamanı 18 iyul 2022-ci il tarixində Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti məmnuniyyətlə qeyd olundu (2027-ci ilədək Azərbaycan qazının Aİ-yə nəqli həcminin iki dəfə artırılmasını nəzərdə tutur - İF).
“Dövlət başçısı humanitar məsələlərə toxunaraq, birinci Ermənistan-Azərbaycan müharibəsindən 3890 nəfərdən artıq azərbaycanlının itkin düşmüş şəxs hesab olunduğunu bildirdi və Ermənistan tərəfinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, kütləvi məzarlıqların yerləri barədə məlumat verilməməsinə diqqəti çəkdi. Prezident Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından bəri 240 nəfərdən artıq vətəndaşımızın mina partlayışlarında həlak olduğunu və ya sağlamlığını itirdiyini bildirdi”, - məlumatda vurğulanır.
Telefon danışığı zamanı həmçinin Əliyev və Blinken əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar. **
A.Əzizov