Azərbaycan 2022-ci ilin yanvar-may aylarında dünya bazarlarına 1 min 589,5 kq qızıl ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə ixrac olunmuş qızılın dəyəri $62 milyon 909,71 min (azalma 28%) təşkil edib.
Azərbaycandan $1 milyon 324,32 min dəyərində (artım 24,8%) 1 min 646,04 kq gümüş (artım 19%) ixrac edilib.
Qızıl və gümüş ixracının bütün həcmi və gümüş ixracının bütün həcmi İsveçrənin payına düşüb.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycan dünya bazarlarına $202 milyon 523,33 min dəyərində 6 min 83,17 kq qızıl ixrac edib (2020-ci ilin göstəricisindən 42,4% çox).
Azərbaycandan $2 milyon 205,75 min dəyərində (azalma 2,2%) 2 min 981,1 kq gümüş (azalma 12,7%) ixrac edilib.
Hazırda Azərbaycanda qızıl hasilatı iki şirkət tərəfindən həyata keçirilir. Azərbaycan 1997-ci il avqust ayının 21-də 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl hasilatı planlaşdırılır. 2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku şirkətin sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir.
Bundan başqa, Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl və gümüş hasilatı həyata keçirilir. **
N.Abbasova