Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2022-ci il iyunun 30-na 1 milyard 581,1 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 48,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2022-ci ilin iyun ayında bankların xarici öhdəlikləri 98,4 milyon manat və ya 6,6% artıb.
AMB-nin məlumatına görə, iyunun sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 6 milyard 656,7 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 14,6% çoxdur.
İyun ayında bankların xalis xarici aktivləri 408,9 milyon manat və ya 6,5% artıb.
2021-ci ildə Azərbaycan banklarının xarici öhdəlikləri 12,9% azalıb.
Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.
Aprelin sonuna Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malik olub.**
R.Əhmədov