Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər naməlum şəxsin saxlanılması barədə məlumat verib.
“İyul ayının 26-da saat 20:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılıb”, - Baş Prokurorluq və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında deyilir.
Məlumata görə, saxlanılan şəxslərin Şəki rayon sakinləri 1987-ci il təvəllüdlü Kamal Nəsibov və 1991-ci il təvəllüdlü Elnur Əliyev olduqları müəyyən edilib.
“Saxlanılan şəxslərin “Priora” markalı avtomobilinə baxış zamanı salonun içərisindən çəkisi 7 qram narkotik vasitə “maruxuana”ya bənzər maddə, 2 ədəd tapança, 1 ədəd 16 mm çaplı ov tüfəngi, 5 ədəd patron, 1 ədəd cib bıçağı, 1 ədəd xəncər, 3300 azərbaycan manatı və 200 ABŞ dolları aşkarlanaraq götürülüb”, - məlumatda qeyd olunur.
Hazırda Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir. **
E.Şəfiyev