Çərşənbə günü Baş Prokurorluqdan məlumat verilib ki, Facebook sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə həmin sosial şəbəkənin istifadəçişi Tofiq Şahmuradov bir ay müddətinə həbs edilib.
Qeyd olunur ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhərinin Nizami Rayon Məhkəməsinə göndərilib.
“Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində bir ay müddətinə inzibati həbs tənbehi seçilib”, - məlumatda deyilir.
O cümlədən, Baş Prokurorluqdan bildirilib ki, son günlər bəzi sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlanıb.Bu cür hərəkətlərə yol verən şəxslər Baş prokurorluğa dəvət olunub, onların barələrində prokuror təsir tədbirləri görülüb. Məlumatda vurğulanır ki, sosial media istifadəçiləri “jamaz.info” saytının rəhbəri Fikrət İbişbəyli, “miq.az” saytının rəhbəri Aqil Alışov, Şirvan şəhər sakini Elçin İsmayıl, Lənkəran rayon sakini Əli Cabbarlı və Xaçmaz rayon sakini Nuranə Fətəliyeva “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib. **
R.Kərimov