Azərbaycan və Rusiya hökumətləri Azərbaycanın ödəniş infrastrukturunda “Mir” ödəniş sistemi kartlarının qəbulunu müzakirə edirlər.
“Azərbaycan-Rusiya Hökumətlərarası Komissiya çərçivəsində, siyasi və iqtisadi amillər nəzərə alınmaqla bu məsələ aidiyyəti strukturlar arasında müzakirə edilir”, - Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov cümə günü mətbuat konfransında bildirib.
O qeyd edib ki, hələlik bu məsələ ilə əlaqədar son qərar qəbul olunmayıb.
Daha əvvəl “İnterfaks-Azərbaycan” agentliyi öz mənbəyinə istinadən məlumat verib ki, Rusiya Azərbaycanın ödəniş infrastrukturunda “Mir” ödəniş sistemi kartlarının qəbulunun təşkilində maraqlıdır. “Rusiya tərəfi 2022-ci ilin yazında Azərbaycanın ödəniş infrastrukturunda “Mir” ödəniş sisteminin kartlarının qəbulunun təşkil edilməsi məsələsində ölkə hökuməti ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bildirib”, - hökumətdəki mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib. **
A.Əzizov