Azərbaycan 2022-ci ilin yanvar-may aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 3 milyard 720,97 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 14,6% azdır. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2022-ci ilin may ayında Azərbaycan Türkiyəyə qaz ixracı 681,63 milyon kubmetr təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 59,74% çoxdur. Mayda Türkiyəyə qaz ixracının ümumi həcminin 18,28%-i Azərbaycanın payına düşüb.
Azərbaycan may ayında Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pillədə qalıb. Birinci yerdə Rusiya (38,58%), ikinci yerdə İran (23,11%), dördüncü yerdə Misir (7,53%) qərarlaşıb.
Cari ilin may ayında Türkiyəyə 3 milyard 729,52 milyon kubmetr qaz (2021-ci ilin may ayı ilə müqayisədə artım 3,61% - İF) ixrac edilib.
2 milyard 982,44 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 79,97%-i, azalma 5,32%), 747,08 milyon kubmetr (bütün ixracın 20,03%-i, artım 66,23%) isə LNG-nin payına düşüb.
İxrac 6 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), ABŞ, Əlcəzair və Misir (LNG) həyata keçirilib.
Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.
Xəbər verildiyi kimi, 2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında 2024-cü ilin sonuna qədər Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə 2024-cü ilin sonuna qədər (2021-2024-cü illər) “Mərhələ-1” çərçivəsində “Şahdəniz” yatağından ildə 3,5 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir.
2021-ci ildə Azərbaycan Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 820,24 milyon kubmetr qaz (azalma 22,7%) ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%).**
N.Abbasova