1 sentyabr 2022-ci il tarixindən etibarən Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 (cari məzənnə ilə təxminən $2,1 min) təşkil edəcək.
Azərbaycan prezidenti İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklikləri təsdiq edib. Sənəd cümə günü rəsmi mətbuatda dərc olunub.
Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclisin spikerinin maaşına bərabərdir (1 iyul 2022-ci ildən 43,4% - 3550 manatadək artırılır). Bundan əlavə, düzəlişlərə əsasən, 1 sentyabr 2022-ci il tarixindən etibarən Konstitusiya Məhkəməsi hakimləri məzuniyyətə gedərkən əmək haqqının iki mislinə bərabər olan məbləğdə müavinət almayacaqlar (maddə 72.2).
Bundan başqa, onlar müalicə üçün əmək haqqının iki mislinə bərabər məbləğ almaq hüququndan məhrum edilirlər (maddə 73.6).
Əliyev həmçinin “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli sərəncamında dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, 1 iyul 2022-ci il tarixindən etibarən Baş prokurorun aylıq vəzifə maaşı 3260 manat ($1,9 minə yaxın) təşkil edəcək. Öncə Baş prokurorun maaşı Ali Məhkəmənin sədrinin aylıq vəzifə maaşına uyğun olub.
Bundan başqa, prezident “Məhkəmələr və hakimlər haqqında” qanununda dəyişiklikləri təsdiq edib. Bu dəyişkliyə əsasən, 1 sentyabr 2022-ci il tarixindən etibarən Ali Məhkəmə sədrinin aylıq vəzifə maaşı 3550 manat (əvvəl 2475 manat olub, yəni 43,4% artıb) təşkil edəcək. Müxtəlif səviyyəli hakimlərin maaşı Ali Məhkəmə sədrinin aylıq vəzifə maaşına uyğun olduğuna görə, 1 sentyabr 2022-ci ildən bu məbləğ 43,4% artacaq.
Eyni zamanda, dəyişikliklərə əsasən, 2022-ci il sentyabrın 1-dən hakimlər məzuniyyətə gedərkən əməkhaqqının iki mislinə bərabər müavinət almayacaqlar. **
E.Şəfiyev