Cümə günü xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın Azərbaycandakı yeni səfiri Milan Layçakı qəbul edib.
XİN-in mətbuat xidməti məlumat verir ki, Layçak etimadnaməsinin surətini Bayramova təqdim edib.
“Görüş zamanı Bayramov Azərbaycanla Slovakiya arasında ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün böyük potensialın mövcud olduğunu, son bir neçə il ərzində həyata keçirilən intensiv siyasi dialoq və yüksək səviyyəli səfər mübadilələrinin əməkdaşlığa müsbət töhfə verdiyini diqqətə çatdırıb”, - məlumatda deyilir.
Öz növbəsində, Layçak Slovakiya şirkətlərinin Azərbaycana marağının daha da artdığını qeyd edib. Enerji, nəqliyyat, kiçik və orta biznesin inkişafı kimi sahələrə önəm verildiyini bildirib.
Bayramov Slovakiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzurda - İF) yenidənqurma işlərinə olan marağını müsbət qarşılayıb. **