Şənbə günü Azərbaycan prezidenti İlham Əliyev Qudauridə helikopterin qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar gürcüstanlı həmkarı Salome Zurabişviliyə başsağlığı məktubu ünvanlayıb.
“Qudauridə sərhəd polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində heyət üzvlərinin və xilasedicilərin həlak olmasından son dərəcə kədərləndim. Bu ağır faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, - məktubda deyilir.
Öncə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib ki, cümə günü qəzaya uğramış deltplaneristlərin xilas edilməsi əməliyyatı zamanı sərhəd xidmətinin helikopteri idarəetməni itirərək qəzaya uğrayıb. Helikopterin göyərtəsində ekipaj üzvlərindən başqa xilasedicilər və həkimlər də olub.
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bildirib ki, Qudauri dağ kurortu yaxınlığında qəzaya uğrayan helikopterdə olan 8 nəfərin hamısı həlak olub. O, həmçinin təlimatçı ilə paraplanda uçan bir xarici turistin də həlak olduğunu, bunun üçün helikopterin iştirakı ilə xilasetmə əməliyyatının təşkil edildiyini bildirib. **
R.Kərimov