“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə kreditin cəlb edilməsi ilə bağlı danışıqlar aparır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Hazırda ASCO ilə AYİB arasında danışıqlar (kredit haqqında – İF) gedir. Danışıqlar son mərhələdədir”, - deyə o, “Real TV”yə müsahibəsində bildirib.
Nazir kreditin həcmini açıqlamasa da, onun əhəmiyyətli məbləğdə olacağını qeyd edib. “Kredit dövlət zəmanəti olmadan ayrılacaq”, - deyə M.Cabbarov əlavə edib.
O bildirib ki, kredit vəsaitinin ASCO-nun donanmasının genişləndirilməsinə, gəmiqayırma zavodunun inkişaf etdirilməsinə və digər tədbirlərə yönəldilməsi planlaşdırılır. “Bütün bunlar Azərbaycan hökumətinin mövcud reallıqlar nəzərə alınmaqla ölkənin nəqliyyat-logistika imkanlarının artırılması hədəfləri ilə uyğunlaşdırılacaq.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 181 layihənin maliyyələşdirilməsinə 3,544 milyard avro vəsait ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 33 layihə daxildir və onların həyata keçirilməsinə 814 milyon avro ayrılıb (2022-ci il mayın 31-nə olan vəziyyətə görə).*
A.Əzizov