2022-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $1,5 milyard təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 25,4% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pambıq mahlıcı ($136,9 milyon, artım 12,3%), pomidor ($126,9 milyon, artım 2,7%), karbamid ($98,7 milyon, artım 12 dəfə), qızıl ($79,4 milyon, azalma 26,4%), metanol ($70,7 milyon, artım 5,9 dəfə), meşə fındığı ($55,6 milyon, artım 38%), emal edilməmiş alüminium ərintiləri ($43,6 milyon, artım 3,3 dəfə), ilkin formalı polimerlər ($42,2 milyon) və ilkin formalı polipropilenin ($41 milyon, azalma 21,2%) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Türkiyə ($428,4 milyon, artım 38,4%), Rusiya ($382 milyon, azalma 5,4%), Gürcüstan ($88,2 milyon, artım 10%), İsveçrə ($84,6 milyon, azalma 28,1%) və ABŞ ($57,5 milyon, artım 89,8%) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 28,7%-i Türkiyənin, 25,3%-i RF-nin payına düşüb.
2021-ci ildə Azərbaycan $2,7 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 47,2% çoxdur. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq.*
R.Əhmədov