“Renaissance Capital” (sərhəd və inkişaf etməkdə olan bazarlara yönəlmiş aparıcı müstəqil investisiya şirkətlərindən biridir, mənzil qərargahı Londonda yerləşir) 2022-2023-cü illərdə Azərbaycanda ÜDM-in illik artımını təxminən 3% səviyyəsində proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi şirkətin proqnozlarına istinadən xəbər verir ki, 2022-ci ildə ölkədə ÜDM 3%, 2023-cü ildə 2,7% artacaq.
“2022-ci ilin birinci yarısında Azərbaycanda ÜDM 6,2% artıb (2021-ci ildə 5,6%-lik artımdan sonra) və bu artım demək olar ki, tamamilə qeyri-neft-qaz sektorunun hesabına təmin edilib. Neft-qaz sektorunda neft hasilatının azalması qaz hasilatı və ixracının artması (müvafiq olaraq 15% və 23%) ilə kompensasiya olunub”, - deyə şirkətin analitikləri qeyd edirlər.
Şirkətdə hesab edirlər ki, Azərbaycan kifayət qədər yığılmış ehtiyatlara malikdir ki, bu da ölkəyə 2023-2024-cü illərdə dünya xammal bazarlarındakı tərəddüdlərlə əlaqədar mümkün problemləri aradan qaldırmağa imkan verəcək.
Onların qiymətləndirmələrinə görə, yaxın illərdə ölkədə ÜDM-in artımı həm də azad olunmuş ərazilərin - Qarabağ və Şərqi Zəngəzurun inkişafına yönəldilən investisiyalarla (təxminən $1,5 milyard və ya 2022-ci ildə ÜDM-in 2,2%-i) tərəfindən dəstəklənməlidir.
“Renaissance Capital”ın analitikləri hesab edirlər ki, 2022-2024-cü illərdə manatın dollara qarşı məzənnəsi 1,7 manat/$1 səviyyəsində qalacaq. “Biz Azərbaycan manatının dollara qarşı 1,70 manat səviyyəsində məzənnəsinə yenidən baxılması üçün ciddi drayever görmürük”, - deyə analitiklər qeyd ediblər.
“Renaissance Capital”da vurğulayırlar ki, dünya bazarlarında yanacaq qiymətlərinin artması tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin yüksək səviyyəsini (2022-ci ildə ÜDM-in 15%-dən çox hissəsini) dəstəkləyəcək. “Ortamüddətli perspektivdə büdcə ehtiyatları və əhəmiyyətli həcmdə yığılmış ehtiyatlar manatın sabitliyinin əsasını təmin edir”, - deyə şirkətin icmalında qeyd edilir.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in 4%-ə qədər artacağını proqnozlaşdırır.*
A.Əzizov