Avqustun 1-də Daşkənddə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib.
İclasda Azərbaycan nümayəndə heyətinə iqtisadiyyat naziri Mikayıl Cabbarov başçılıq edib.
“Sənaye, energetika, investisiya, kiçik və orta biznes, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə əlaqələrin gücləndirilməsi üçün geniş imkanlar var. Həmkarlarımıza işğaldan azad edilmiş ərazilərimizin potensialı barədə məlumat verdik, Özbəkistan şirkətlərini ölkəmizin əlverişli investisiya və biznes mühitindən yararlanmağa dəvət etdik”, - deyə M.Cabbarov Facebook səhifəsində yazıb.
Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 11-ci iclası çərçivəsində iclasın yekun protokolu, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Özbəkistan Respublikasının Prezidenti yanında Sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə müvəkkil arasında, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “Uzbekipaksanoat” Assosiasiyası arasında və İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “Uztekstilprom” Assosiasiyası arasında memorandumlar imzalanıb.*
E.Şəfiyev