Avqustun 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
“Tərəflər Azərbaycan ilə Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşdırılması prosesinin mövcud durumu barədə fikir mübadiləsi aparıblar”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
“C.Bayramov bölgədə sülh və tərəqqinin təmin edilməsi, o cümlədən nəqliyyat və kommunikasiyaların açılışı, iki dövlətin sərhədinin delimitasiyası, gələcək sülh müqaviləsi üzrə işə başlanılması zəruriliyi ilə bağlı Azərbaycanın məlum mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
“Nazir tərəflərin öhdəliklərinin tam icrasının vacibliyini qeyd edib. Bu xüsusda 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı və bunun qəbuledilməzliyi vurğulanıb”, - deyə məlumatda qeyd olunur.
Telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında normallaşma prosesi üzrə növbəti addımlar, regional gündəlikdə duran məsələlər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.*
R.Əhmədov