Azərbaycanın qadın şahmatçıları bu gün Hindistanın Çennay şəhərində keçirilən 44-cü Ümumdünya Şahmat Olimpiadasında 4-cü qələbəsini qazanaraq turnir cədvəlinə başçılıq ediblər.
4-cü turda Azərbaycan komandası Xanım Balacayeva və Ülviyyə Fətəliyevanın qələbələri sayəsində İsrail təmsilçilərini 3-1 hesabı ilə məğlub edib.
Daha 7 yığma da komanda hesabında ayrı-ayrılıqda 8 xala malikdir, lakin Azərbaycanın qadın şahmatçıları əlavə göstəricilərə görə birinci yerə çıxıb.
Kişilərdən ibarət komandamız Türkiyə yığması ilə heç-heçə (2-2) edib, millinin heyətində yeganə qələbəni Vasif Durarbəyli qazanıb.
Azərbaycan 4 turun yekunları üzrə turnir cədvəlində 8-ci yerdədir (komanda hesabında 7, fərdi hesabda 12 xal), Hindistan-2 isə liderliyini qoruyub (komanda hesabında 8, fərdi hesabda 15 xal).
Avqustun 2-də keçiriləcək 5-ci turda kişi şahmatçılarımız Kuba komandası, qadın şahmatçılarımız isə Ukrayna kollektivi ilə qarşılaşacaq.
Kişi şahmatçılardan ibarət milli komandanın heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasov cəlb olunub. Komandanın kapitanı Eltac Səfərlidir.
Qadın şahmatçılardan ibarət yığmada isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva çıxış edir. Komandanın kapitanı Nicat Məmmədovdur.
Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarətdir. Yarış iyulun 29-dan avqustun 9-dək davam edəcək.*
R.Kərimov