Azərbaycanda 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinə başlanıb.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, ödənişlər Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı əsasında həyata keçiriləcək.
Birdəfəlik ödəmənin məbləği aşağıdakı kimi müəyyən olunub:
I dərəcə əlilliyə görə – 8,8 min manat, II dərəcə əlilliyə görə – 6,6 min manat, III dərəcə əlilliyə görə – 4,4 min manat.
Birdəfəlik ödəmə almaq hüququ olan şəxslər aşağıdakılardır: 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər; hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər; xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər; müəyyən edilmiş məbləğdən az məbləğdə sığorta ödənişi almış şəxslər; yuxarıda göstərilən kateqoriyadan olan şəxslər vəfat etdikdə onların vərəsələri.
Ödənişlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən veriləcək.
Xəbər veridliyi kimi, ƏƏSMN-nin məlumatına görə, bu fərmanın icrası 17-20 min nəfəri əhatə edəcək. Bu məqsədlər üçün 2022-ci il dövlət büdcəsindən 50 milyon manat ayrılacaq. **
R.Əhmədov