Rəsmi Bakı erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Ordumuzun bölmələrinin mövqelərinin intensiv atəşə tutulması nəticəsində Azərbaycanın hərbi qulluqçusunun şəhid olmasında Ermənistanın siyasi və hərbi rəhbərliyini ittiham edib.
“Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti qonşu dövlətin torpaqlarından qanunsuz silahlı birləşmələrini hələ də çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
“Avqustun 3-də baş vermiş qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda, iki dövlət arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir. Bu, həmçinin Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir”, - deyə məlumatda qeyd olunur.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.*
X.Nəsirzadə