Daxili İşlər Nazirliyinin (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının Yardımlı rayonu ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 27 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
“Əməliyyat-axtarış tədbirləri nəticəsində yetkinlik yaşına çatmayan Yardımlı rayon sakini tutulub və onun üzərindən 26 qram metamfetamin aşkar olunaraq götürülüb. Davam etdirilən tədbirlərlə həmin şəxsin İran İslam Respublikası ilə dövlət sərhədinin yaxınlığında gizlətdiyi yerdən əlavə 13 kq 530 qram heroin, 10 kq 550 qram qurudulmuş marixuana və 3 kq 65 qram metamfetamin aşkarlanıb”, - deyə DİN və DSX-nin yaydığı birgə məlumatda bildirilir.
Ümumilikdə 27 kq 171 qram narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.
“Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs ilkin sorğuda ondan aşkar olunan narkotik vasitələri və psixotrop maddəni “Əhməd” adlı şəxsdən satmaq məqsədi ilə əldə etdiyini bildirib. O da müəyyən edilib ki, saxlanılan şəxsin atası 2020-ci ildə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyinə görə polis tərəfindən tutularaq istintaqa cəlb edilib və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev