ABŞ Dövlət Departamenti qeyd edir ki, Azərbaycan hökuməti ölkədə investisiya mühitini yaxşılaşdırmağa davam edir, bununla belə, iqtisadiyyatın neft-qaz sektorundan asılılığı qalmaqdadır.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin saytında dərc edilmiş “İnvestisiya mühiti haqqında bəyanatlar-2022: Azərbaycan” adlı hesabatda deyilir.
“Azərbaycan hökuməti xarici sərmayələr cəlb etməyə, iqtisadiyyatı şaxələndirmək üçün islahatlar aparmağa və özəl sektorun artımını stimullaşdırmağa çalışıb (2021-ci ildə - İF). Bununla belə, Azərbaycan iqtisadiyyatı ixrac gəlirlərinin təxminən 88%-ni və dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxunu təşkil edən neft və qaz hasilatından ciddi şəkildə asılı olaraq qalır”, - deyə hesabatda bildirilir.
Qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı 2020-ci ildə koronavirus pandemiyası nəticəsində 4,3% azalmadan sonra 2021-ci ildə 5,6% artıb. İqtisadiyyatın yüksək templərlə bərpası ilə əlaqədar 2021-ci ildə qeyri-neft sektoru 7,2%, neft-qaz sektoru 1,7% artıb.
“Neft və qaz sektoru tarixən xarici investisiyaların ən böyük hissəsini cəlb etdiyi halda, Azərbaycan hökuməti iqtisadiyyatı şaxələndirmək üçün dörd qeyri-neft sektorunu hədəfləyib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat/logistika. Biznes mühitinin yaxşılaşdırılması və ümumi iqtisadiyyatda islahatların aparılması üçün son illərdə görülən tədbirlərə sahibkarlıq lisenziyası kateqoriyalarının ləğvi, gömrük prosedurlarının sadələşdirilməsi, biznes yoxlamalarının dayandırılması və vergi rejiminin islahatı daxildir”, - deyə hesabatda qeyd olunur.
Vurğulanır ki, 2021-ci ildə Azərbaycanda COVID-19-un təsirinin azaldılması tədbirlərinə, o cümlədən peyvəndlərin alınması, tibb işçilərinə mükafatların ödənilməsi və modul tipli xəstəxanaların fəaliyyətinin dəstəklənməsi üçün dövlət büdcəsindən 800,8 milyon manat ($471 milyon) vəsait ayrılıb.
Hesabatda, həmçinin Azərbaycanda xarici sərmayələr üçün təhlükəsizlikdən də bəhs olunur.
“Azərbaycan qanunvericiliyinə əsasən, xarici sərmayələr tam və qeyd-şərtsiz hüquqi müdafiəyə malikdir və xüsusi hallar istisna olmaqla, milliləşdirilə və ya mənimsənilə bilməz. Özəl qurumlar sərbəst şəkildə sahibkarlıq subyektləri yarada, əldə edə və öz maraqlarına dair sərəncam verə bilərlər. Xarici vətəndaşlar, təşkilatlar və müəssisələr torpaq icarəyə götürə bilər, lakin mülkiyyət hüququna malik deyillər. Azərbaycan hökuməti qeyri-qanuni özgəninkiləşdirmə yolu ilə ABŞ vətəndaşları və ya qurumlarına qarşı heç bir ayrı-seçkilik nümunəsi göstərməyib”, - deyə sənəddə vurğulanır.*
E.Şəfiyev