Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azbadam” MMC-nin badam emalı zavodunun açılışında iştirak ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azbadam” MMC-nin icraçı direktoru Anar Ağayev prezidentə və birinci xanıma zavod barədə məlumat veriblər.
Qeyd edilib ki, layihənin həyata keçirilməsi iki mərhələdə planlaşdırılıb. Birinci mərhələ üzrə 2017-2019-cu illərdə Abşeron rayonunun Qala və Bilgəh qəsəbələrində Aralıq dənizi badam sortlarından olan Quara (160 hektar), Belona (95 hektar), Avijor (138 hektar) və Soleta (34 hektar) növlü ağaclardan ibarət badam bağları salınıb. Bağlara yatırılan ümumi investisiya məbləği 17 milyon manatdır.
İkinci mərhələdə yaradılan zavod ölkədə ilk badam emalı müəssisəsidir. İnşası 2021-ci ilin sentyabrında tamamlanan zavodun ümumi investisiya dəyəri 13,5 milyon manatdır. Bunun 10 milyon manatı Sahibkarlığın İnkişafı Fondu hesabına ayrılan güzəştli kredit, 3,5 milyon manatı isə təsisçi kapitalıdır.
M.Cabbarov bildirib ki, 2015-2019-cu illərdə ölkədə istehlak olunan təmizlənmiş badamın 90-95 faizi idxal edilirdisə, 2021-ci ilin nəticələrinə görə dinamika ürəkaçandır.
“İdxalı 50 faizə qədər azaltmışıq. 2024-cü ildə isə yalnız bizim bağ bütün Azərbaycanın istehlak həcmini qarşılaya biləcək. Digər bağlardan alacağımız badamları da emal edib ixrac edəcəyik”, - deyə A.Ağayev qeyd edib.
Onun sözlərinə görə, zavodda məhsulun ilkin emalı, sındırılması, qurudulması və çeşidlənməsi nəzərdə tutulur. Müəssisə İspaniyanın “Jose Borrell S.A.” brendinə məxsus avadanlıqla təchiz edilib. Zavodun illik emal gücü 2 min ton badam ləpəsidir.
Müəssisənin fəaliyyəti nəticəsində 2024-cü ildən etibarən daxili bazarın tələbatı “Azbadam” MMC-nin emal müəssisəsi hesabına nəinki tam şəkildə təmin olunacaq, məhsullar Avropa İttifaqı ölkələrinə, Türkiyəyə, MDB və Mərkəzi Asiya respublikalarına, Hindistana, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə “Made in Azerbaijan” brendi ilə ixrac ediləcək.
Badam ləpəsinin ölkədaxili illik istehlak həcmi 750-800 ton təşkil edir. 2015-2019-cu illərdə ölkədə istehlak edilən badam ləpəsinin 90-95 faizi idxal olunurdu. Bu məqsədlə ölkədən hər il 6 milyon ABŞ dolları məbləğində valyuta xaricə çıxırdı.*
N.Abbasova