“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (İB) 2021-ci ilin yekunları üzrə 2 milyon 22,227 min manat məbləğində xalis mənfəət əldə edib, bu da 2020-ci ilin göstəricisindən 3,7 dəfə azdır. Bu barədə İB-nin maliyyə hesabatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, hesabat dövründə zavod 1 milyon 849,084 min manat mənfəət vergisi ödəyib (azalma 3,7 dəfə).
Hesabata görə, İstehsalat Birliyinin əsas əməliyyat gəliri 84 milyon 866,934 min manat (2021-ci ildə azalma 14,2%) təşkil edib. İstehsal edilən məhsulun maya dəyəri 10,7% - 77 milyon 644,256 min manatadək azalıb.
Nəticədə, ötən il ümumi əməliyyat mənfəəti 2 milyon 527,784 min manat (azalma 3,4 dəfə) təşkil edib.
2021-ci ilin sonuna şirkətin aktivləri 97 milyon 722,454 min manat (artım 20,3%), öhdəlikləri 66 milyon 96,97 min manat (artım 29,3%) məbləğində qiymətləndirilir.
Ötən ilin sonuna şirkətin məcmu kapitalı 31 milyon 625,484 min manat (artım 5,1%), nizamnamə kapitalı 3 milyon 572,592 min manat (dəyişməyib) təşkil edib.
Gəncə Avtomobil Zavodu 2004-cü ilin dekabr ayından fəaliyyət göstərir. Zavod 2006-cı ildən Gəncədə Belarus istehsalı olan bütün növ yük avtomobilləri və traktorların yığılmasını həyata keçirir. **
X.Nəsirzadə