Cümə axşamı BOKT “İnkişaf üçün maliyyə” MMC-nin tədavül müddəti 24 ay olan 1 milyon manat həcmində istiqrazlar yerləşdirib. Bu barədə Bakı Fond Birjasından (BFB) məlumat verilir.
“İnterfaks-Azərbaycan” agentliyi BFB-yə istinadən məlumat verir ki, hərrac zamanı 10 investor tərəfindən 1 milyon manat məbləğində 10 sifariş təqdim edilib.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1 milyon manat təşkil edib (nominalı 100 manat olan 10 min qiymətli kağız).
İstiqrazın illik faiz dərəcəsi 12%, faiz ödənişləri isə hər 30 gündə bir dəfə olmaqla investorlara ödənilir. İstiqrazların son ödəniş tarixi - 4 avqust 2024-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
BOKT yerləşdirmədən əldə edəcəyi vəsaiti mikrokreditlərin genişləndirilməsi və mənfəətin əldə olunmasına yönəltməyi planlaşdırır.
BOKT 2003-cü ilin aprel ayında BOKT kimi fəaliyyət lisenziyası əldə edib.
BOKT-un nizamnamə kapitalı 300 min manata bərabərdir, yeganə səhmdarı B.Britaniyanın “Oxfam” şirkətidir.
31 dekabr 2021-ci il tarixinə cəmiyyətin kredit portfeli təqribən 11,3 milyon manata bərabərdir.
2021-ci il ərzində mənfəəti 276,287 min manat təşkil edib. **
X.Nəsirzadə