Avqustun 5-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Bir gün əvvəl Londondakı Azərbaycan səfirliyinə dini radikal qrup tərəfindən edilən hücumla bağlı Britaniya müvəqqəti işlər vəkilinə qəti etiraz bildirilib”, - deyə məlumatda bildirilir.
Bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsini ciddi şəkildə üzə çıxardığını və ev sahibi ölkəsinin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirlərini görməli olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
“Belə halların bir daha təkrarlanmayacağına dair qarşı tərəfdən zəmanət tələb edilib. Baş vermiş vandallıq aktı ilə bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən hərtərəfli istintaq araşdırmanın aparılması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi tələbi səsləndirilib”, - deyə məlumatda qeyd olunur.
Britaniya müvəqqəti işlər vəkili baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi və narahatlıqlarını ifadə edib. Hadisə ilə bağlı istintaqın aparıldığı bildirilib.
Xatırladaq ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Ssəfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır.*
X.Nəsirzadə