Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun investisiya şirkətlərinin rəhbərləri ilə görüşü keçirilib. Bu barədə AMB-dən məlumat verilib.
“Görüşün məqsədi kapital bazarının ölkə iqtisadiyyatında rolunun artırılması və institusional inkişafı, qiymətli kağızlar bazarının infrastrukturunun müasirləşdirilməsi, sektorda tənzimləmə və nəzarət proseslərinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi kimi aktual məsələlərin müzakirə edilməsi olub”, - deyə məlumatda bildirilir.
AMB sədri ölkədə maliyyə bazarlarının aparıcı rolunun daha da gücləndirilməsi, xüsusilə beynəlxalq standartlara uyğun və iqtisadiyyata geniş maliyyələşmə imkanları təqdim edən kapital bazarının formalaşdırılması və əhali yığımlarının investisiyalara transformasiyasını təmin edən kapitallaşma mexanizmlərinin yaradılması istiqamətində aparılan işlərin xüsusi əhəmiyyətini vurğulayıb.
“Daha sonra investisiya şirkətlərinin nümayəndələri ilə kapital bazarında normativ hüquqi baza və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, maliyyə vasitəçiliyinin rolunun artırılması, investisiya fondlarının fəaliyyətinin təşviqi, qiymətli kağızlarla klirinq və hesablaşma sistemlərinin optimallaşdırılması, qiymətli kağızlar bazarında stimullaşdırıcı vergi mühitinin formalaşdırılması və fond birjasında ticarət olunan investisiya qiymətli kağızlarının çeşidinin artırılması mövzularında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə