Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi 1 milyard avro depozitin müddətini 2022-ci ilin sonuna qədər uzadıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Xəbər verildiyi kimi, ARDNF investisiya strategiyası və qaydaları çərçivəsində 2022-ci ilin yanvar ayında Türkiyə Mərkəzi Bankında 6 ay müddətinə mərhələli şəkildə 1 milyard avro məbləğində depozit yerləşdirib.
“Bu yatırım həyata keçirilərkən onun Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verməsi, eləcə də, cari bazar konyukturası nəzərə alınaraq depozitin müddətinin daha 5 ay uzadılmasına qərar verilib”, - deyə məlumatda qeyd olunub.
2022-ci il yanvarın 1-nə ARDNF-in aktivləri $45 milyard 25,1 milyon məbləğində qiymətləndirilib. İyun ayının sonuna fondun aktivləri 0,63% - $45 milyard 306,8 milyona qədər artıb.
ARDNF-də neft müqavilələrinin reallaşdırılmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova