2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət nefti və qaz satışından $6 milyard 755 milyon məbləğində gəlir əldə edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,3 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Yanvar-iyul aylarında ARDNF AÇG blokundan hasil edilən mənfəət neftinin satışından $5 milyard 683 milyon gəlir (artım 1,95 dəfə) əldə edib.
Bu dövrdə ARDNF “Şahdəniz” yatağından çıxarılan mənfəət qazı və kondensat satışından $1 milyard 72 milyon məbləğində gəlir (artım 15,1 dəfə) əldə edib. Fondun kondensat satışından gəlirləri $252,725 milyon, qaz satışından gəlirləri $819,275 milyon təşkil edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova