Avqustun 6-da xarici işlər naziri Ceyhun Bayramov ilə gürcüstanlı həmkarı İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, İliya Darçiaşvili avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə edilən hücumu qınayıb və Azərbaycan ilə həmrəylik ifadə edib.
Nazir Ceyhun Bayramov dəstəyə görə gürcü həmkarına təşəkkür edib. O, törədilən təxribatın hərtərəfli araşdırılması və cavabdeh şəxslərin qanun qarşısında cavab verməsinin vacibliyini vurğulayıb və bununla bağlı Birləşmiş Krallığın aidiyyəti qurumları tərəfindən müvafiq işin aparıldığını qeyd edib.
Baş Prokurorluğun məlumatına görə, bir qrup radikal dəstə avqustun 4-də yerli vaxtla saat 16-17 radələrində London şəhəri, 4 Kensington Court W8 5DL ünvanında yerləşən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına hücum edib.
Avqustun 5-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və səfirliyə edilən hücumla bağlı qəti etiraz bildirilib. Bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsini ciddi şəkildə üzə çıxardığını və ev sahibi ölkəsinin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirlərini görməli olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Belə halların bir daha təkrarlanmayacağına dair qarşı tərəfdən zəmanət tələb edilib.
Faktla bağlı baş prokuror tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.3, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 12.3, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Baş Prokurorluq tərəfindən həmin cinayət işi üzrə istintaqın Böyük Britaniyanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilib.*
R.Kərimov