Azərbaycanın qadın şahmatçıları Hindistanın Çennay şəhərində təşkil olunan 44-cü Ümumdünya Şahmat Olimpiadasının bu gün keçirilən 9-cu turunda Monqolustan komandası üzərində qələbə qazanıblar (2,5-1,5).
Hesabat turunda Günay Məmmədzadə və Xanım Balacayevanın qələbəsi ilə Azərbaycan 14 xalla turnir cədvəlində səkkizinci pillədən altıncı pilləyə yüksəlib. Polşalı qadın şahmatçılar əlavə göstəricilərə görə turnir cədvəlinə başçılıq edirlər (15 xal).
Kişi şahmatçılarımız isə Hindistan-2 komandası ilə xalları (2-2) bölüşərək 14 xalla turnir cədvəlində altıncı yeri qoruyublar.
44-cü Ümumdünya Şahmat Olimpiadasının 9-cu turunda Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov (2759) Hindistan-2 komandasının bir nömrəsi Qukeş Dommaracu (2684) ilə heç-heçə edərək rəqibinin möhtəşəm qələbə seriyasını qırıb. Hesabat turuna qədər Qukeş birinci taxtada keçirdiyi səkkiz oyunun hamısında qalib gəlib.
Avqustun 8-də Azərbaycan və Ermənistanın kişi və qadınlardan ibarət yığmaları üz-üzə gələcək.
Kişi şahmatçılardan ibarət milli komandanın heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasov cəlb olunub. Komandanın kapitanı Eltac Səfərlidir.
Qadın şahmatçılardan ibarət yığmada isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva çıxış edir. Komandanın kapitanı Nicat Məmmədovdur.
Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. Olimpiada iyulun 29-dan avqustun 9-dək davam edəcək.*
R.Kərimov