Avqustun 5-də Bakıda “Asiya Sakit okean regionu ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının görüşü keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyi «ADY Container» MMC-yə (“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti) istinadən məlumat verir ki, görüşdə marşruta yüklərin cəlb edilməsi, ortaya çıxan problemlərin operativ həllinin sürətləndirilməsi istiqamətində səylərin birləşdirilməsi zəruriliyi qeyd olunub.
“Həmçinin altı ölkəni təmsil edən operatorlar tərəfindən Çinin Qaşqar şəhərindən Avropaya konteynerlərlə yükdaşımalar üzrə pilot layihə müzakirə edilib. Dəhliz boyu yükdaşımaların səmərəliyinin artırılmasını, əməliyyatların optimallaşdırılmasını təmin edəcək rəqəmsal platformanın sınaq versiyası artıq hazırdır. Bu sahədə ixtisaslaşmış “UNİSER” şirkətinin hazırladığı platformanın test rejimində tətbiqi başlayır”, - məlumatda vurğulanır.
Operatorlar marşrutun səmərəliyinin artırılması üçün tərəflərin iştirakı ilə Konsorsiumun yaradılmasının zəruriliyini vurğulayıblar və bu istiqamətdə müzakirələrin davam etdirilməsi barədə qərar qəbul ediblər.
“Asiya və Sakit okean regionu-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa nəqliyyat marşrutu 2019-cu ildə yaradılıb. **
R.Əhmədov