2022-ci ilin yanvar-iyun aylarında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC daşınan vaqonların sayını ötən ilin analoji dövrü ilə müqayisədə 25,8 % artırıb.
“Bu ilin ilk 6 ayı ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə daşınan vaqonların sayında ciddi artım müşahidə edilib. Belə ki, əgər ötən ilin ilk altı ayı ərzində Bakı Limanında 14 min 603 ədəd vaqon daşınmışdısa, bu ilin eyni dövründə bu göstərici 25,8% artaraq 18 min 376 ədəd olub”, - cəmiyyətin məlumatında deyilir.
Vaqon yükləri Bakı Limanın illik yükaşırma gücü 6,2 milyon ton olan Bərə terminalını vasitəsilə daşınır.
2021-ci ildə Bərə terminalında vaqonların aşırılması 30,426 min ədəd (azalma 18,7%) təşkil edib. Həmçinin, Bakı-Türkmənbaşı-Bakı istiqamətində aşırılma 20,867 min ədəd, Bakı-Kurık/Aktau-Bakı istiqamətində - 9,559 min ədəd təşkil edib.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Ələt qəsəbəsində 400 hektar ərazidə həyata keçirilib. Hazırda burada bərə terminalı və tikinti işlərinin birinci mərhələsi çərçivəsində istifadəyə verilən Ro-Ro terminalı fəaliyyət göstərir. Limanın aşırma gücü 15 milyon quru yük və 100 min konteyner təşkil edir.
Limanın yenilənmiş məlumatına əsasən, növbəti mərhələdə liman ildə 25 milyon ton yük və 1 milyon TEU konteyneri aşırma gücünə malik olacaq.**
N.Abbasova