2022-ci ilin I yarısında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 24 milyon 253,5 min ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə yüklərin 7 milyon 914,2 min tonu və ya 32,6%-i dəmir yolu nəqliyyatı (artım 19,9%), 13 milyon 79,6 min tonu və ya 53,9%-i avtomobil nəqliyyatı (artım 14,7%), 3 milyon 259,7 min tonu və ya 13,5%-i dəniz nəqliyyatı (artım 40,5%) ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 27,3%-ni və ya 6 milyon 621,5 min tonunu tranzit yüklər (artım 42,3%) təşkil edib.
Xəbər verildiyi kimi, 2021-ci ildə TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 39 milyon 627,4 min ton (artım 3%) olub.
Bu dövrdə dəhliz vasitəsilə daşınmış yüklərin 22,3%-ni və ya 8 milyon 826,3 min tonunu (artım 5,3%) tranzit yüklər təşkil edib.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova