2022-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,2% artaraq 827,1 manat (cari məzənnə ilə $486,5) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 iyun 2022-ci il tarixinə ölkədə orta aylıq nominal əməkhaqqı 825,3 manat ($485,5) təşkil edib.
2022-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 min nəfər və ya 1,7% artaraq 1 milyon 720 min nəfər olub, onlardan 901,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 818,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,2%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,6%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6%-i tikinti, 6,5%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 14,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.*
X.Nəsirzadə